Maka Boçorişvili: Orta dəhlizin inkişafında Gürcüstanın rolu strateji əhəmiyyət daşıyır
Gürcüstanın vitse-premyeri və xarici işlər naziri Maka Boçorişvili Yunanıstanda keçirilən “Delfi İqtisadi Forumu”nun nəticələrini dəyərləndirib.
InterPress.ge xəbər verir ki, nazir forumun əhəmiyyətindən danışaraq bildirib ki, tədbir çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə Orta dəhlizin inkişaf perspektivlərini və Gürcüstanın bu prosesdə rolunu müzakirə etmək imkanı əldə edib.
Onun sözlərinə görə, “Delfi İqtisadi Forumu” Avropa siyasətçiləri və vətəndaş cəmiyyəti nümayəndələrinin toplandığı mühüm platformaya çevrilib.
Boçorişvili qeyd edib ki, builki müzakirələr əsasən alternativ nəqliyyat marşrutlarının inkişafına və Avropanın iqtisadi təhlükəsizliyinin təmin olunmasına həsr olunub.
“Bu kontekstdə, əlbəttə ki, Orta dəhliz diqqətdən kənarda qala bilməz. Bir sıra panel müzakirələri Qara dəniz, Cənubi Qafqaz və Orta dəhlizin inkişafına həsr olunmuşdu”, – deyə Maka Boçorişvili bildirib.
Nazirin sözlərinə görə, forum Gürcüstanın bu dəhlizin inkişafına verdiyi töhfələri təqdim etmək üçün yaxşı imkan yaradıb.
O həmçinin vurğulayıb ki, tədbir çərçivəsində Avropa Komissiyasının nümayəndələri ilə genişlənmə və təhlükəsizlik məsələləri müzakirə olunub.
Boçorişvili əlavə edib ki, Aralıq dənizi və Qara dənizin Orta dəhliz üçün rolu ilə bağlı panel müzakirələrdə iştirak edib və bu görüşlər həmkarlarla kommunikasiya baxımından əhəmiyyətli olub.
Nazir qeyd edib ki, Gürcüstan Orta dəhlizin inkişafında mühüm rol oynayır və bu, ölkənin regiondakı strateji əhəmiyyətini müəyyən edir.
“Regionda istənilən tranzit layihənin həyata keçirilməsində Gürcüstanı nəzərə almamaq mümkün deyil. Bu, real vəziyyətdir”, – deyə Maka Boçorişvili bildirib.


