23 
Apr
2026
23:51
194

Tbilisi məhkəməsi keçmiş müdafiə nazirini təqsirli bildi – 10 il həbs cəzası

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze və digər şəxslər barəsində hökm çıxarıb.

InterPress.ge xəbər verir ki, hakim İrakli Xuskivadzenin qərarı ilə Cuanşer Burçuladze 10 il müddətinə azadlıqdan məhrum edilib. Ona həmçinin əmlak müsadirəsi tətbiq olunub – İspaniyada yerləşən torpaq sahəsi və ev, eləcə də Tsknetidə yerləşən yaşayış evi və qaraj müsadirə edilib. Bundan əlavə, ona 2 il müddətinə dövlət vəzifəsi tutmaq qadağan olunub.

İş üzrə digər təqsirləndirilən şəxs, keçmiş nazir müavini Qiorqi Xayndraava 8 il müddətinə azadlıqdan məhrum edilib və 2 il vəzifə tutmaq hüququndan məhrum olunub.

Burçuladzenin qohumu Vasil Mxeidze də 8 il həbs cəzasına məhkum edilib və ondan maddi sübut kimi tanınan əşyalar müsadirə olunub.

Müdafiə Nazirliyinin satınalmalar departamentinin keçmiş rəhbəri Vladimir Ğuduşaşvili ilə isə prosessual razılaşma əldə olunub. Məhkəmənin qərarına əsasən, ona 4 il şərti cəza, 10 000 lari məbləğində cərimə və 1 il müddətinə vəzifə tutmaq qadağası verilib. O, məhkəmədə təqsirini etiraf edib və qərara əsasən, əmlakı üzərindən həbs götürülüb.

İstintaq materiallarına görə, Cuanşer Burçuladze və digər şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə, iri məbləğdə vəsaitin mənimsənilməsi və qanunsuz gəlirlərin leqallaşdırılması kimi əməllərdə təqsirli biliniblər. Bu cinayətlərə görə qanunvericilik 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın