İrakli Kobaxidze: Aİ səfirinin açıqlamaları qəbuledilməzdir
Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Gürcüstandakı səfirinin bəyanatlarına sərt reaksiya verib.
InterPress.ge xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, Pavel Herçinskinin səsləndirdiyi fikirlər “təsəvvürəgəlməzdir”.
Onun sözlərinə görə, səfirin çıxışında vətəndaş qarşıdurması və əhalinin yoxsullaşması ilə bağlı səsləndirilən fikirlər təhdid xarakteri daşıyır.
“Avropa İttifaqının səfiri Gürcüstan xalqını vətəndaş müharibəsi və yoxsullaşma ilə hədələyirsə, bu, sadəcə olaraq, qəbuledilməzdir və qiymətləndirmək belə çətindir”, – deyə baş nazir bildirib.
Kobaxidze qeyd edib ki, belə bəyanatlar səfirin “çətin vəziyyətdə olduğunu” göstərir və bu cür ritorika yolverilməzdir.
O əlavə edib ki, bu cür açıqlamalara görə səfirin Xarici İşlər Nazirliyinə çağırılması məqsədəuyğun hesab olunur.
Qeyd edək ki, Pavel Herçinski daha əvvəl Brüsseldə çıxışı zamanı Gürcüstanın yanlış istiqamətdə irəlilədiyini və ölkənin gələcəyinin qarşıdakı aylarda müəyyən olunacağını bildirmişdi.


