Şalva Papuaşvili: Brüssel Gürcüstandan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb edir
“Artıq açıq şəkildə görünür ki, Brüssel Gürcüstanı hansı istiqamətə yönəltmək istəyir.”
InterPress.ge xəbər verir ki, parlament sədri bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Brüsselin Gürcüstana əsas iradı ölkənin Rusiya ilə bağlı sanksiya siyasətinə tam uyğunlaşmamasıdır.
Papuaşvili qeyd edib ki, Gürcüstan Avropa İttifaqının sanksiyalarından yayınmanın qarşısını alsa da, Brüssel bununla kifayətlənmir və Tbilisidən Rusiyaya qarşı birbaşa sanksiyalar tətbiq etməyi tələb edir.
Onun sözlərinə görə, bu yanaşma Gürcüstanı mümkün iqtisadi və təhlükəsizlik riskləri ilə üz-üzə qoya bilər.
“Biz Brüsseldən soruşmuşuq ki, əgər sanksiyalar iqtisadi böhran yaradarsa, bizə yardım edəcəklərmi? Belə bir zəmanət yoxdur. Eyni zamanda, bu addımlar hərbi eskalasiyaya səbəb olarsa, heç kim Gürcüstanla birlikdə döyüşməyəcək”, – deyə o bildirib.
Papuaşvili vurğulayıb ki, Gürcüstan “strateji səbir” siyasətini davam etdirir və hesab edir ki, ölkəni Rusiya ilə eskalasiyaya sürükləmək cəhdləri region üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.


