Qvaramiyanın paylaşımı qalmaqala səbəb olub – valideynlər və hüquq müdafiəçiləri sərt reaksiya verib
“Koalisiya dəyişikliklər üçün” siyasi birliyinin liderlərindən biri Nika Qvaramiya sosial şəbəkədə etdiyi paylaşım səbəbilə tənqid hədəfinə çevrilib.
InterPress.ge xəbər verir ki, Nika Qvaramiya paylaşımında müxalifətə tənqidi yanaşan şəxsləri “siyasi autistlər” ifadəsi ilə adlandırıb və yazıb ki, “hamı ilə əl sıxmaq və insanlarla görüşlər barədə danışarkən heç olmasa tam ‘siyasi autist’ olmayın ki, hansısa kinayəçi sizi ələ salmasın”.
Məlumata görə, onun bu açıqlamasına autizm spektrli uşaqların valideynləri və hüquq müdafiəçiləri kəskin reaksiya veriblər. Hüquq müdafiəçisi Mari Korkotadze bildirib ki, əvvəl daun sindromlu uşaqların vəziyyətindən istifadə olunurdu, indi isə autizmli insanlara qarşı bu cür ifadələr işlədilir və bu, bütün sərhədləri aşır.
“İnsan hakimiyyətə gəlmək istəyirsə, bu o deməkdir ki, vətəndaşlara hörmət etməlidir. Qanuna görə də fərqli insanlara hörmət borcudur. Bu insan hələ hakimiyyətə gəlməmiş mənim övladımın vəziyyətini alçaldır. Mən belə siyasətçiyə heç vaxt səs vermərəm və belə birinin hakimiyyətə gəlməsini istəmərəm. Mənim övladımın gündəlik hansı çətinliklərdən keçdiyini görsün və sonra bu ifadələri işlətmək istəsə, gözümün içinə baxıb desin. Biz valideynlərin nə hiss etdiyini düşünüblərmi? Hər belə ifadə bizim ürəyimizi parçalayır”, – deyə Korkotadze bildirib.
Eyni mövqeni autizm spektrli uşağın anası və hüquq müdafiəçisi Mariam Dalaqişvili də bölüşüb. Onun sözlərinə görə, bu cür ifadələrin işlədilməsi yolverilməzdir və heç kim belə terminologiyadan istifadə etməməlidir.
“Bu cür ifadə insanı damğalamaq və təhqir etməkdir. Autizm, daun sindromu və digər bu kimi terminlər bu formada istifadə olunmamalıdır. Ən azından insanlar bilmirlərsə, necə düzgün danışmaq lazım olduğunu soruşmalıdırlar. Bu, təkcə həmin diaqnozu olan insanlara yox, həm də onların valideynlərinə qarşı təhqirdir. Biz bununla illərlə mübarizə aparırıq. Belə ifadələrdən hər kəs çəkinməlidir”, – deyə Dalaqişvili bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı ictimai müzakirələr davam edir.


