Bu qadağa iyuldan tətbiq olunacaq - DİQQƏT
Gürcüstanda ictimai iaşə obyektlərində plastik qablaşdırma və içkilərin plastik butulkalarda təqdim olunmasına dair məhdudiyyətlər qüvvədə qalır və mərhələli şəkildə tətbiq ediləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2026-cı il 1 iyul tarixindən etibarən ictimai iaşə obyektlərində birdəfəlik plastik qida qabları və stəkanlardan istifadə etməklə hazır yeməklərin təqdim edilməsi, eləcə də içkilərin plastik butulkalarda verilməsi qadağan ediləcək.
Nazirlik bildirir ki, artıq 2026-cı il 1 aprel tarixindən plastikdən hazırlanmış çəngəl, bıçaq, qaşıq, boşqab, saman (sorucu boru), qarışdırıcılar, eləcə də genişlənmiş polistirol (EPS) qablar və stəkanların istehsalı (ixrac istisna olmaqla), idxalı və bazara çıxarılması qadağan edilib. Bundan əlavə, dövlət satınalmaları çərçivəsində plastik qablar və 3 litrə qədər plastik butulkalarda içkilərin alınmasına da məhdudiyyət tətbiq olunub.
Eyni zamanda qeyd olunur ki, 2031-ci il 1 fevral tarixindən plastik butulkalarda içkilərin istehsalı, idxalı və bazara çıxarılması tam qadağan ediləcək. Bu məhdudiyyət 3 litr və daha çox həcmli içməli suya, eləcə də 20 litr və daha çox həcmli digər içkilərə şamil olunmayacaq.
Nazirliyin açıqlamasında vurğulanır ki, bu tədbirlər plastik tullantıların azaldılması və ətraf mühitin qorunması məqsədi daşıyır.


