Pasxa bayramı ilə əlaqədar Tbilisi metrosu gecə saatlarına qədər işləyəcək, xüsusi avtobus marşrutları təşkil olunub
Pasxanın (Dirilmə bayramının) qeyd olunması ilə əlaqədar Tbilisidə ictimai nəqliyyatın iş rejimində dəyişiklik edilib.
InterPress.ge xəbər verir ki, 11 apreldən 12 aprelə keçən gecə Tbilisi metrosu saat 04:00-a qədər fəaliyyət göstərəcək. Eyni zamanda, 11 aprel saat 23:00-dan 12 aprel saat 04:00-dək metro ilə gediş sərnişinlər üçün ödənişsiz olacaq.
Paytaxt meriyasının məlumatına görə, 12-13 aprel tarixlərində əlavə olaraq 9 müvəqqəti avtobus marşrutu da fəaliyyət göstərəcək. Bu avtobuslar sərnişinləri saat 08:00-dan 20:00-dək müxtəlif qəbiristanlıqlar istiqamətində daşıyacaq.
Marşrutlar aşağıdakı istiqamətləri əhatə edir: Muxatqverdi, Vaşlicvari, Kukiya, Yeni Kukiya, Maxata, Saburtalo, Qrmaqeli, Veli və Varketili qəbiristanlıqları.
Avtobuslar aşağıdakı metro stansiyalarının yaxınlığından hərəkət edəcək: “Marcanişvili”, “Delisi”, “Saracişvili”, “Varketili”, həmçinin “Didube” stansiyasının yuxarı çıxışı, Stansiya meydanı (“Tbilisi Central”ın qarşısı), Bessarion Çiçinadze küçəsi (25 nömrəli binanın qarşısı) və Varketili III massivində – Şuamta və Abaşaşvili küçələrinin kəsişməsi.
Qeyd edək ki, bu xüsusi avtobus marşrutları ilə də sərnişinlər iki gün ərzində tam ödənişsiz istifadə edə biləcəklər.


