Vens: ABŞ heç vaxt atəşkəsin Livanı əhatə etdiyini deməyib
ABŞ-ın vitse-prezidenti Cey Di Vens ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşması ilə bağlı açıqlama verib.
InterPress.ge xəbər verir ki, Vens jurnalistlərə bildirib ki, Vaşinqton heç vaxt bu razılaşmanın Livanı da əhatə etdiyini bəyan etməyib.
Onun sözlərinə görə, əgər İsrail Livan istiqamətində hərbi əməliyyatları zəiflədirsə, bu, atəşkəsin şərti deyil, İsrailin ABŞ-a münasibətdə göstərdiyi siyasi iradə və İranla danışıqların uğurla nəticələnməsi istəyi ilə bağlı ola bilər.
“Əgər İran Livan məsələsini əsas gətirərək bu danışıqları pozmaq istəyirsə – bu, onların seçimidir. ABŞ heç vaxt Livanın atəşkəsin bir hissəsi olduğunu deməyib”, – deyə Vens qeyd edib.
Vitse-prezident əlavə edib ki, bu məsələdə İran tərəfi tərəfindən “legitim anlaşılmazlıq” yaranıb.
“Düşünürəm ki, iranlılar atəşkəsin Livanı da əhatə edəcəyini zənn edirdilər, lakin bu belə deyil. Biz heç vaxt belə vəd verməmişik və belə bir siqnal da ötürməmişik”, – deyə o bildirib.
Vensin sözlərinə görə, ABŞ tərəfindən irəli sürülən atəşkəs əsasən İran və ABŞ-ın müttəfiqləri, o cümlədən İsrail və Fars körfəzi ərəb ölkələri ilə bağlı təhlükəsizlik məsələlərinə yönəlib.


