Gürcüstanda bu tarixədək yağışlı hava davam edəcək – xəbərdarlıq
14 aprelədək ölkə ərazisində fasilələrlə yağıntılar davam edəcək, bəzi bölgələrdə isə güclü olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi ölkədə gözlənilən hava şəraiti ilə bağlı növbəti xəbərdarlığında qeyd edib.
Sinoptiklərin proqnozuna əsasən, şimşək çaxması və küləyin güclənməsi ehtimal olunur, yüksək dağlıq ərazilərdə isə qar uçqunu təhlükəsi gözlənilir.
Məlumata görə, aprelin 9-dan 10-na keçən gecə dağlıq rayonlarda havanın temperaturu -2, -4 dərəcəyədək enə bilər. Bu isə çiçəkləmə mərhələsində olan meyvə ağaclarına zərər verə bilər.
Agentlik bildirir ki, intensiv yağıntılar çaylarda su səviyyəsinin əhəmiyyətli artımına səbəb ola bilər. Eyni zamanda, dağlıq və təpəlik ərazilərdə sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsi ehtimal olunur.
Qeyd olunub ki, təhlükə səviyyəsi orta qiymətləndirilir.


