08 
Apr
2026
13:59
264

Tbilisidə Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib

2026-cı il aprelin 7-də GASU – Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin təşəbbüsü ilə M. F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli Azərbaycan şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir təşkil edilib.

InterPress.ge xəbər verir ki, tədbirdə GASU üzvü olan universitet tələbələri iştirak ediblər.

Tədbirin aparıcısı Emil Allahverdiyev çıxışında “Söz deyil — təsir: poeziyanın gücü” adlı təqdimatla poeziyanın insan düşüncəsinə və emosiyalarına təsirindən bəhs edib.

Tədbirdə çıxış edən “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov və “OXU Təhsil Mərkəzi”nin rəhbəri Murad Muradov tədbirin əhəmiyyətindən və gələcək fəaliyyət planlarından danışıblar.

Proqram çərçivəsində Gülzadə İsayeva tədbiri Səməd Vurğunun ilk şeiri ilə açaraq, şairin gənclik dövrü, yaradıcılığa başlaması və Azərbaycan mədəniyyətinə verdiyi töhfələr barədə geniş təqdimat edib.

Bağda Əliyeva şairin Borçalı ilə əlaqələrindən bəhs edib, Arzu Məmmədova isə Azərbaycan poeziyasından və Borçalıya həsr olunmuş şeirlərdən nümunələr səsləndirib.

Daha sonra Süleyman Novruzov tərəfindən Səməd Vurğuna həsr olunmuş videoçarx nümayiş olunub, Güllü Əhmədova isə şairin ailəsi haqqında təqdimatla çıxış edib.

Tədbirin interaktiv hissəsində iştirakçılar üçün müxtəlif fəaliyyətlər təşkil olunub, həmçinin Kahoot platforması vasitəsilə Səməd Vurğunun həyatı və yaradıcılığı üzrə bilik yarışı keçirilib. Qaliblər həvəsləndirici mükafatlarla təltif olunublar.

Tədbirin sonunda bu kimi mədəni tədbirlərin mütəmadi keçirilməsi qərara alınıb.

Bizimlə əlaqə saxlayın