07 
Apr
2026
15:16
307

Gürcüstanda “qanuni oğrularla” əlaqədə olan 44 nəfər saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi əməkdaşları ölkə üzrə keçirilən əməliyyat nəticəsində “qanuni oğrular aləmi” ilə əlaqədə şübhəli bilinən 44 nəfəri saxlayıb, daha 6 nəfərə isə qiyabi ittiham irəli sürüləcək.

InterPress.ge xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar arasında xaricdə olan bir “qanuni oğru” da var. İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər “kriminal razborkalar” təşkil edir və “qanuni oğru qərarları” çıxarırdılar.

Məlumata görə, saxlanılan şəxslər “qanuni oğru” Mamuka Şubitidze ilə əlaqə saxlayaraq, onun vasitəsilə vətəndaşlar arasında maliyyə və digər mübahisələri həll edir, qarşı tərəflərdən pul tələb edirdilər. Tələblər yerinə yetirilmədiyi halda isə fiziki zorakılıq və ya öldürmə ilə hədələyirdilər.

İstintaq həmçinin müəyyən edib ki, şübhəlilər Tbilisi və Kaxeti bölgəsində yaşayan şəxslər barədə məlumat toplayaraq, onlardan “qanuni oğrular aləmi” adından pul tələb edilməsi üçün istifadə edirdilər.

Əməliyyat zamanı maddi sübut kimi avtomobillər, odlu silahlar və döyüş sursatı, eləcə də mobil telefonlar və kompüter texnikası götürülüb.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 181, 223¹, 223³ və 223⁴-cü maddələri ilə aparılır. Bu maddələr üzrə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Daxili İşlər Nazirliyi bildirib ki, ölkədə təhlükəsizliyin təmin olunması məqsədilə təşkil olunmuş cinayətkarlığa qarşı mübarizə davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın