Qardabanidə məmur rüşvət alarkən saxlanılıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşları, Prokurorluqla koordinasiyalı şəkildə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Qardabani bələdiyyəsində rüşvət faktını ifşa ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə qurumun idarə rəisinin müavini Quqa Tavberidze məlumat verib.
İstintaqla müəyyən olunub ki, Qardabani meriyasının nəzarət və texniki şöbəsinin baş mütəxəssisi vəzifə səlahiyyətlərini icra edərkən, dövlət satınalmaları çərçivəsində tərtib olunmuş gizli iş aktlarının imzalanması müqabilində rüşvət kimi 500 lari tələb edib və alıb.
Bildirilib ki, təqsirləndirilən şəxs pul vəsaitini qəbul edərkən saxlanılıb, vəsait isə maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə aparılır ki, bu da 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qurum bir daha dövlət qulluqçularını korrupsiya xarakterli cinayətlərdən çəkinməyə çağırıb.


