Marneulidə insident: merin qardaşı saxlanılıb – DİN açıqlama verdi
Marneuli merinin qardaşı Kənan İsmayılov saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi təsdiqləyib.
Məlumata görə, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə aparılır. Qeyd olunub ki, sözügedən maddə üzrə 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Əldə edilən məlumata əsasən, Kənan İsmayılov bir qrup şəxslə birlikdə Marneuli–Bolnisi yolunda vətəndaşın qarşısını maskalı halda kəsərək ona ağır fiziki zorakılıq tətbiq edib.
Məlumata görə, döyülən şəxsin özünə məxsus çörəkbişirmə müəssisəsi var və onun çörəyin qiymətinin artırılması ilə bağlı razılaşmadığı bildirilir.
Qeyd edək ki, Marneulidə çörək bazarında ən böyük payın mer ailəsinə məxsus olduğu bildirilir.


