İran səfiri: “Orta dəhliz Asiya ilə Avropa arasında enerji əməkdaşlığının əsas nöqtəsi ola bilər”
İranın Gürcüstandakı səfiri Seid Ali Moujani regionda enerji təhlükəsizliyi və əməkdaşlıq məsələləri ilə bağlı açıqlama verib.
InterPress.ge xəbər verir ki, səfir bu barədə sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, ötən gecə “Açıq efir” verilişində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin çıxışını izləyib və səsləndirilən fikirlərin regionun bir çox ölkəsi üçün xarakterik olduğunu bildirib.
Səfir qeyd edib ki, region ölkələri elektrik enerjisi, qaz və digər yanacaq növləri baxımından asılılıq problemi ilə üz-üzədir, halbuki bu sahədə kifayət qədər resurslara malikdirlər. Onun fikrincə, bu vəziyyət regional inkişaf üçün ciddi təhlükə yaradır.
Seid Ali Moujani bildirib ki, bu problemin həllinə iki əsas amil mane olur: iqlim dəyişikliyi və regiona kənardan təsir edən geosiyasi faktorlar – xüsusilə müharibələr və sanksiyalar.
Səfirin sözlərinə görə, çıxış yolu regional infrastrukturun inkişafı və ölkələr arasında inteqrasiya olunmuş şəbəkələrin yaradılmasındadır. Bu çərçivədə enerji və su kəmərləri, optik və telekommunikasiya xətləri, yüksək gərginlikli elektrik ötürücü sistemlər, avtomobil və dəmir yolu əlaqələrinin gücləndirilməsi vacib hesab olunur.
O, həmçinin vurğulayıb ki, su, qaz və elektrik enerjisi üzrə milli tənzimləyici qurumlar arasında davamlı əməkdaşlıq və ədalətli tarif siyasəti xüsusi əhəmiyyət daşıyır.
Səfir qeyd edib ki, bu yanaşma enerji böhranlarının qarşısını almağa və artıq resursların – tələb aşağı olan ölkələrdən digər ölkələrə ötürülməsinə imkan verə bilər. Bu isə Mərkəzi Asiya, Qafqaz, İran, İraq və Türkiyə ilə Rusiya və Avropa arasında enerji əlaqələrinin genişlənməsinə şərait yaradacaq.
Onun sözlərinə görə, regional iqtisadi model Avropa və Asiya üçün dayanıqlı inkişafın əsasına çevrilə bilər.
“Bir sözlə, Asiya ilə Avropa arasında enerji əməkdaşlığının qurulması üçün hamımıza dialoq lazımdır və bu yolda Orta dəhliz əsas əlaqə nöqtəsi ola bilər”, – deyə səfir bildirib.


