Sameqreloda qətl: bir nəfər saxlanılıb
Sameqreloda baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Sameqrelo–Zemo Svaneti Polis Departamentinin əməkdaşları 1967-ci il təvəllüdlü M.M.-ni qəsdən adam öldürməkdə ittiham edərək saxlayıblar.
İstintaqla müəyyən edilib ki, hadisə 4 aprel tarixində Zuqdidi bələdiyyəsinin kəndlərindən birində baş verib. Təqsirləndirilən şəxs mübahisə zəminində soyuq silahdan istifadə edərək 1953-cü il təvəllüdlü Z.N.-yə xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Zərərçəkən aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxs qısa müddətdə “isti izlərlə” saxlanılıb. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


