31 
Mar
2026
23:07
1068

Marneulidə çörək bazarı: Ən böyük pay kimə məxsusdur?

Marneuli rayonunda çörək istehsalı və satışı sahəsində mümkün inhisarlaşma, eləcə də qiymətlərin süni şəkildə artırılması ilə bağlı iddialar ictimai müzakirələrin mərkəzinə çevrilib.

InterPress.ge-nin mənbələrdən əldə etdiyi məlumatlar görə, yerli bazarda fəaliyyət göstərən çörək bişirmə müəssisələrinin böyük hissəsi Marneuli meri Daur İsmayılovun ailəsinə bağlıdır və bu amil bazarda rəqabət mühitinin zəifləməsinə səbəb ola bilər.

Mənbələrin bildirdiyinə görə, mer ailəsinə məxsus çörək sexləri rayonun müxtəlif ərazilərində fəaliyyət göstərir və onların ən iri istehsal müəssisəsi Marneuli-Yağlıca yolu istiqamətində yerləşir. Ümumi qiymətləndirmələrə əsasən, Marneulidə çörək bazarının ən böyük payı bu ailəyə bağlı müəssisələrin nəzarəti altındadır. Bu müəssisələrin operativ idarəçiliyi isə merin qardaşı Kənan İsmailov tərəfindən həyata keçirilir.

Araşdırma zamanı əldə olunan məlumatlarda bildirilir ki, son dövrlərdə Marneulidə çörəyin qiymətinin artırılması məqsədilə bir sıra çörək istehsalçıları arasında qeyri-rəsmi razılaşma əldə olunub. İddialara görə, bu razılaşma çərçivəsində çörəyin satış qiymətinin 60 tetridən 70 tetriyə qaldırılması planlaşdırılıb. Bununla belə, bütün istehsalçıların bu təşəbbüsə qoşulmadığı, bəzi sahibkarların əvvəlki qiyməti qoruyub saxladıqları və məhsulu 60 tetridən satmağa davam etdikləri qeyd edilir.

Məsələnin diqqət çəkən tərəflərindən biri də xammal bazarındakı vəziyyətdir. Marneulidə fəaliyyət göstərən un istehsalçıları bildirirlər ki, son dövrdə unun qiymətində artım qeydə alınmayıb. Əksinə, bəzi hallarda qiymətlərin müəyyən qədər aşağı düşdüyü müşahidə olunur. Bu isə çörəyin qiymətinin artırılmasının iqtisadi əsaslarını sual altına qoyur.

İqtisadçıların fikrincə, bazarda dominant mövqeyə malik olan subyektlər tərəfindən qiymətlərin koordinasiyalı şəkildə artırılması halları rəqabət mühitinin pozulması kimi qiymətləndirilə bilər. Belə vəziyyətlərdə istehlakçıların maraqları zərər görür və bazar prinsipləri pozulur. Əgər iddia edilən razılaşmalar təsdiqini tapsa, bu hal antiinhisar qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilər.

Statistik göstəricilər də mövzunun miqyasını ortaya qoyur. Məlumatlara görə, Marneulidə gündəlik olaraq təxminən 300 min ədəd çörək satılır. Çörəyin qiymətində cəmi 10 tetri artım belə gündəlik təxminən 30 min lari əlavə gəlir deməkdir. Bu isə aylıq hesabla 900 min lari, illik isə milyonlarla lari əlavə qazanc anlamına gəlir. Bu baxımdan qiymət artımının arxasında duran səbəblərin araşdırılması daha da aktuallaşır.

İctimai və siyasi aktivistlər hesab edir ki, bu kimi halların qarşısının alınması üçün müvafiq dövlət qurumları tərəfindən bazarın monitorinqi gücləndirilməli, mümkün qiymət razılaşmaları və inhisarçılıq halları ciddi şəkildə araşdırılmalıdır. Eyni zamanda, kiçik və müstəqil çörək istehsalçılarının bazarda fəaliyyət imkanlarının qorunması rəqabət mühitinin sağlam saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Məsələ ilə bağlı hələlik rəsmi qurumların və adı çəkilən tərəflərin mövqeyi açıqlanmayıb. Mövzunun ictimai əhəmiyyəti nəzərə alınaraq, yaxın günlərdə bu istiqamətdə rəsmi açıqlamaların verilməsi və araşdırmaların başlanması gözlənilir.

Mediamız tərəfindən Marneuli meri Daur İsmayılova yazılı şəkildə suallar ünvanlansa da, o, bu sualları cavabsız qoyub. Sorğunun göndərilməsinə baxmayaraq, hazırlanan xəbər dərc olunanadək mer tərəfindən hər hansı rəsmi açıqlama təqdim edilməyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər