31 
Mar
2026
18:03
388

Parlament 6 ildən köhnə avtomobillərə aksiz artımını nəzərdə tutan qanun layihəsini I oxunuşda qəbul edib

Gürcüstan parlamenti 6 ildən yuxarı minik avtomobilləri üçün aksiz dərəcəsinin artırılmasını nəzərdə tutan qanun layihəsini I oxunuşda qəbul edib.

InterPress.ge xəbər verir ki, sənədin II və III oxunuşda müzakirəsi 1 aprel tarixində keçiriləcək plenar iclasda planlaşdırılır.

Müxalif “Qaxaria Gürcüstan Naminə” fraksiyası alternativ qanunvericilik təşəbbüsü irəli sürməyi planlaşdırır.

Hakim Gürcü Arzusu partiyasının təşəbbüsü ilə “Vergi Məcəlləsi”nə nəzərdə tutulan dəyişikliklərə əsasən, 0-6 il yaş aralığında olan avtomobillər üçün aksiz dərəcəsi mühərrikin hər 1 sm³ həcmi üçün 1,5 lari, 6 ildən yuxarı avtomobillər üçün isə 1 sm³-ə 4,5 lari müəyyən edilir.

Qanun layihəsini parlamentdə deputat İrakli Xeladze təqdim edib. O bildirib ki, köhnə avtomobillərin sayı ildən-ilə artır və mövcud aşağı aksiz dərəcələri onların idxalını stimullaşdırır.

Xeladzenin sözlərinə görə, bu dəyişikliklər köhnə avtomobillərin sayını azaltmağa və ətraf mühitə dəyən ziyanın minimuma endirilməsinə yönəlib.

“Başa düşürük ki, bu qanun layihəsi hamı tərəfindən bəyənilməyəcək. Aksizin artması avtomobillərin qiymətinə təsir göstərə bilər, lakin köhnə avtomobillərin yaratdığı problemlər dövlət üçün daha böyük xərclər yaradır”, – deyə o qeyd edib.

Dəyişikliklərə əsasən, mövcud aksiz cədvəli ləğv olunur və yeni xüsusi dərəcələr tətbiq edilir. Hibrid avtomobillər üçün güzəştli – əsas dərəcədən 60% azaldılmış tarif saxlanılır, sağ sükanlı avtomobillər üçün isə üçqat aksiz tətbiq olunacaq. Sağ sükanlı elektrik avtomobilləri üçün aksiz 3000 lari müəyyən edilir.

Keçid müddəalarına görə, 2 aprel 2026-cı ilədək Gürcüstana gətirilmiş və ya həmin tarixədək daşınmasına başlanılmış avtomobillərə köhnə aksiz dərəcələri tətbiq olunacaq. Quru yolla gətirilən və ya öz hərəkəti ilə daxil olan avtomobillər üçün isə bu qayda 1 iyul 2026-cı ilədək qüvvədə olacaq.

Qanun layihəsinin təşəbbüskarları “Gürcü Arzusu”nun deputatlarıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər