Hesabat: 2026-cı ilin ilk rübündə ən çox ianəni “Gürcü Arzusu” alıb
2026-cı ilin ilk rübünə dair məlumatlara əsasən, siyasi partiyalar arasında ən çox ianə alan “Gürcü Arzusu” olub. Sonrakı yerlərdə “Lelo – Güclü Gürcüstan” və “Azadlıq Meydanı” qərarlaşıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Audit Xidməti tərəfindən yayımlanan rəsmi məlumatda qeyd olunub.
Məlumata görə, “Gürcü Arzusu” cari ildə ümumilikdə 980 min lari ianə qəbul edib. 15 yanvardan 27 fevraladək partiyanın 28 ianəçisi olub. Onların arasında Tbilisi meri Kaxa Kaladze də yer alır və o, partiyaya 12 min lari ianə edib.
“Lelo – Güclü Gürcüstan” partiyası isə 8 yanvardan 19 fevraladək 146 min lari ianə alıb. İanəçilər arasında partiya liderləri Mamuka Xazaradze, Badri Caparidze, həmçinin Mamuka Katsitadze və Manana Naçkebia da var.
“Azadlıq Meydanı” partiyası 1 yanvardan 16 fevraladək 44 ianəçidən ümumilikdə 46 745 lari qəbul edib. İanəçilər sırasında partiya liderləri Levan Tsutskiridze, Bakur Kvaşilava və Simon Canaşia yer alır.
“Dəyişikliklər üçün Koalisiya” isə 14 yanvardan 23 fevraladək 3460 lari ianə əldə edib. Bu dövrdə partiyaya 8 dəfə ianə edilib. İanəçilər arasında koalisiya üzvü Maya Kopaleişvili də var.
Rəsmi məlumatlara əsasən, “Qaxaria Gürcüstan üçün” partiyasına cari ildə 2371 lari ianə köçürülüb. İanəçilər arasında deputat Tamara Xvedeliani də qeyd olunur.
Qeyd edək ki, “Vahid Milli Hərəkat” isə göstərilən dövr ərzində ianə qəbul etməyib.


