Kişini həyat yoldaşının gözü qarşısında öldürən iki nəfər saxlanıldı
Gürcüstan Prokurorluğu ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə faktı ilə bağlı iki nəfərə qiyabi ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, Prokurorluğun məlumatına görə, hadisə Duşeti bələdiyyəsinin Baqa kəndində baş verib. İstintaqın məlumatına əsasən, iki nəfər bir şəxsi həyat yoldaşının gözü qarşısında odlu silahla güllələyərək öldürüb.
İstintaqla müəyyən edilib ki, 10 mart tarixində təqsirləndirilən şəxslər qisas motivi ilə, xüsusi amansızlıq göstərərək zərərçəkmişə həyat yoldaşının yanında odlu silahdan atəş açıb və hadisə yerindən qaçıblar. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş həyatını itirib.
InterPress.ge-nin məlumatına görə, təqsirləndirilən şəxslər hadisə yerində olan mərhumun həyat yoldaşının həyat və sağlamlığı üçün də təhlükə yaradıblar.
Prokurorluq bildirir ki, təqsirləndirilən şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “b”, “i”, “m” və “p” bəndləri ilə – qrup halında, xüsusi amansızlıqla və digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan vasitə ilə törədilmiş qəsdən qətl maddəsi üzrə qiyabi ittiham irəli sürülüb.
Bu maddə üzrə cəza 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.


