12 
Mar
2026
19:36
447

Savalan Mirzəyev ölkə gündəminə münasibət bildirdi: “İnanclı vətəndaşlara qarşı radikal ritorika qəbuledilməzdir”

Gürcüstan parlamentinin millət vəkili Savalan Mirzəyev sosial şəbəkədə paylaşım edərək son dövrlərdə inanclı vətəndaşlara qarşı səsləndirilən bəzi fikirlərə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, millət vəkili bu barədə öz facebook səhifəsində yazıb.

Deputat qeyd edib ki, radikal müxalifət nümayəndələri tərəfindən inanclı həmyerlilərə qarşı səsləndirilən bəzi açıqlamalar qəbuledilməzdir.

Savalan Mirzəyevin sözlərinə görə, bu günlərdə ölkənin müsəlman icmasının şərəfinə təşkil olunan iftar məclisində Gürcüstanın Baş naziri İrakli Kobaxidze də müsəlman icmasının ölkənin inkişafındakı rolunu xüsusi vurğulayıb.

Deputat bildirib ki, son dövrlərdə inanclı soydaşlara qarşı səsləndirilən əsassız fikirlər və iddialar cəmiyyətdə süni gərginlik yaratmağa xidmət edir. Onun sözlərinə görə, Gürcüstan dövləti bütün vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasına, ölkədə sabitliyin və ictimai təhlükəsizliyin təmin olunmasına qətiyyətlə sadiqdir.

Savalan Mirzəyev vurğulayıb ki, siyasi məqsədlərlə cəmiyyətin müxtəlif təbəqələrini qarşı-qarşıya qoymağa cəhd göstərilməsi, xüsusilə etnik və dini zəmində həssas mövzuların manipulyasiya edilməsi qəbuledilməzdir. Onun fikrincə, bu cür ritorika ölkənin milli maraqlarına və ictimai birliyinə ciddi zərər vurur.

Deputat həmçinin qeyd edib ki, Kvemo Kartlidə yaşayan müsəlman vətəndaşlar Gürcüstanın ən sadiq vətəndaşlarıdır və onlar ölkənin suverenliyi və ərazi bütövlüyü naminə hər zaman fədakarlıq göstərməyə hazır olduqlarını dəfələrlə sübut ediblər.

Sonda Savalan Mirzəyev bildirib ki, inanclı müsəlman vətəndaşların mövqeyinə, dəyərlərinə və həssaslıqlarına hörmətlə yanaşmaq hər kəsin mənəvi borcudur.

Bizimlə əlaqə saxlayın