Gürcüstanda qanunsuz silah əməliyyatı: 51 nəfər saxlanılıb
Gürcüstanda polis tərəfindən keçirilən əməliyyatlar nəticəsində onlarla qanunsuz odlu silah, sursat və partlayıcı maddə müsadirə edilib, 51 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib.
Onun sözlərinə görə, son iki gün ərzində ölkə üzrə keçirilən polis və profilaktik tədbirlər nəticəsində böyük miqdarda odlu və avtomatik silahlar, əl qumbaraları, daraqlar, yüzlərlə patron və partlayıcı maddələr aşkarlanaraq götürülüb.
Daraxvelidze qeyd edib ki, əməliyyatlar məhkəmə qərarı əsasında Tbilisi və Gürcüstanın müxtəlif regionlarında həyata keçirilib.
Polis saxlanılan şəxslərin üzərində, yaşayış evlərində, yardımçı tikililərində və avtomobillərində aparılan axtarışlar zamanı çoxlu sayda silah və sursat aşkar edib.
Faktlarla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin məlumatına görə, həyata keçirilən polis və profilaktik tədbirlər nəticəsində ölkədə həyat və sağlamlığa qarşı törədilən cinayətlərin sayı azalıb.
Nazirlik bildirib ki, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi qurumun əsas prioritetlərindən biridir və bu istiqamətdə tədbirlər davam etdiriləcək.


