ATƏT PA prezidenti: Gürcüstanda dialoq çatışmazlığı var
ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sampietro Gürcüstanda siyasi tərəflər arasında dialoqun çatışmadığını bildirib.
InterPress.ge xəbər verir ki, Sampietro bu barədə jurnalistlərə hökumət administrasiyasında keçirilən görüşdən sonra danışıb.
Onun sözlərinə görə, son aylar ərzində ATƏT Parlament Assambleyası Gürcüstanda müxtəlif siyasi və ictimai aktorlarla intensiv işləyib və bütün tərəflərlə açıq müzakirələr aparmağa çalışıb.
“Bu səfərin əsas məqsədlərindən biri bütün tərəflərlə hər məsələni müzakirə etməkdir. ATƏT Parlament Assambleyası son 6–7 ay ərzində Gürcüstanda bütün aktorlarla sıx işləyir. Söhbətlər konfidensial və çox səmimidir. Son iki gün ərzində gördükləriniz bu aylar ərzində aparılan işin nəticəsidir”, – deyə o bildirib.
Sampietronun sözlərinə görə, nümayəndə heyəti həm müxalifət partiyalarının əksəriyyəti, həm də hökumət nümayəndələri ilə görüşlər keçirib.
“Biz demək olar ki, bütün müxalifət partiyaları ilə, eyni zamanda baş nazir, prezident, xarici işlər naziri və parlamentin spikeri ilə görüşə bildik. Bütün məsələləri qaldırmaq imkanı əldə etdik”, – deyə o qeyd edib.
ATƏT PA prezidentinin sözlərinə görə, görüşlər zamanı dialoqun olmaması, boykot və zorakılıq məsələləri də müzakirə edilib.
“Deməliyəm ki, biz dialoq çatışmazlığı məsələsini həm baş nazir, həm prezident, həm parlament spikeri, həm də müxalifətlə görüşlərdə qaldırdıq. Deməliyəm ki, dialoq çatışmazlığı var”, – deyə Sampietro bildirib.


