Aİ: Gürcüstanın qəbul etdiyi qanunvericilik paketi demokratik və vətəndaş məkanının məhdudlaşdırılmasına yönəlib
Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas və genişlənmə məsələləri üzrə komissar Marta Kos bəyan ediblər ki, Gürcüstan parlamentinin martın 4-də xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qəbul etdiyi qanunvericilik paketi ölkədə demokratik və vətəndaş məkanının məhdudlaşdırılmasına yönəlmiş sistemli siyasətin bir hissəsidir.
InterPress.ge xəbər verir ki, bəyanat Gürcüstandakı Avropa İttifaqı nümayəndəliyi tərəfindən yayımlanıb.
Sənəddə qeyd olunur ki, yeni qanunvericilik ölkədə siyasi fəaliyyət üzərində geniş dövlət nəzarəti sistemi yaradır və xarici mənbələrdən dəstək alan şəxslər və təşkilatlar üçün potensial cinayət məsuliyyəti nəzərdə tutur.
Aİ nümayəndələrinin fikrincə, qanundakı qeyri-müəyyən müddəalar ciddi hüquqi qeyri-müəyyənlik yaradır və onun selektiv tətbiqi riskini artırır.
Bəyanatda bildirilir ki, bu qanunvericilik paketi ilə Gürcüstan hakimiyyəti insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq öhdəliklərini və Aİ ilə imzalanmış Assosiasiya Sazişi çərçivəsində götürdüyü öhdəlikləri nəzərə almır, eyni zamanda ölkəni konstitusiyada təsbit olunmuş Aİ-yə üzvlük məqsədindən uzaqlaşdırır.
Aİ həmçinin qeyd edib ki, son dövrdə Gürcüstanda siyasətçilərin, jurnalistlərin və fəalların ədalətsiz saxlanılması halları baş verib və onlar dərhal azad edilməlidirlər.
Bəyanatda vurğulanır ki, Gürcüstan hakimiyyətinin bu addımları artıq nəticələr doğurub. Məsələn, Avropa Komissiyası demokratik öhdəliklərin pozulmasına cavab olaraq diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi dayandırıb.
Aİ nümayəndələri xatırladıblar ki, Avropa İttifaqı illərdir Gürcüstanın rifahı və sabitliyi üçün mühüm dəstək göstərib. Buna 2008-ci ildən fəaliyyət göstərən Aİ müşahidə missiyası, iqtisadi böhran dövrlərində maliyyə yardımı və ticarət imkanlarının genişləndirilməsi daxildir.
Bəyanatda qeyd olunur ki, Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız səfər etmək imkanına malikdir və Avropa İttifaqı gürcü gənclər üçün yüzlərlə təqaüd proqramı təqdim edir.
Aİ həmçinin Gürcüstanın təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində dəstəyini bir daha təsdiqləyib.
Sənəddə qeyd olunur ki, 2023-cü ildə Gürcüstana namizəd statusu verilməsi ilə ölkəyə Aİ-yə üzvlük yolunda qapı açılıb və Avropa İttifaqı bundan sonra da Gürcüstan xalqının Avropa yoluna dəstəyini davam etdirməyə hazırdır.
Bununla belə, bəyanatda vurğulanır ki, Gürcüstan hakimiyyətinin addımları bu uzunmüddətli tərəfdaşlığı ciddi təhlükə altına qoyur və ölkəni Avropa İttifaqına inteqrasiya yolundan uzaqlaşdırır.
“Hazırda təəssüflə qeyd etməliyik ki, Gürcüstanın Avropa İttifaqına üzvlük namizədi statusundan yalnız adı qalıb”, – deyə bəyanatda bildirilib.


