Nikoloz Samxaradze ABŞ Milli Təhlükəsizlik Şurası katibinin müavini ilə görüşüb
Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ABŞ Milli Təhlükəsizlik Şurası katibinin müavini Endryu Beykerlə görüşüb.
InterPress.ge xəbər verir ki, Samxaradzenin sözlərinə görə, görüş kifayət qədər maraqlı keçib və geniş mövzular müzakirə olunub.
O bildirib ki, əsas müzakirə mövzusu Gürcüstan–ABŞ münasibətlərinin yaxşılaşdırılması və strateji tərəfdaşlığın bərpası olub.
“Az əvvəl ABŞ Milli Təhlükəsizlik Şurası katibinin müavini cənab Endryu Beykerlə görüşü başa çatdırdıq. Görüş kifayət qədər maraqlı keçdi və çox geniş mövzular müzakirə olundu. Əsas məsələ, əlbəttə ki, Gürcüstan–ABŞ münasibətlərinin yaxşılaşdırılması, sağlamlaşdırılması və strateji tərəfdaşlığın bərpası idi”, – deyə Samxaradze bildirib.
O, ümid etdiyini bildirib ki, bu görüş gələcəkdə uğurlu addımların atılmasına imkan yaradacaq.
Samxaradzenin sözlərinə görə, görüşdə Gürcüstan tərəfinin maraqları və əməkdaşlığın bərpası üçün prioritet istiqamətlər barədə fikir mübadiləsi aparılıb.
“Biz Gürcüstan tərəfinin maraqları və hazır olduğu məsələlər barədə danışdıq. Bu münasibətlərin bərpası üçün hansı mövzuların əsas ola biləcəyi barədə fikirlərimizi bölüşdük. Eyni zamanda təhlükəsizlik çağırışlarını da müzakirə etdik, o cümlədən İranda baş verən hadisələri və bunun Gürcüstan və Cənubi Qafqaz üçün mümkün təsirlərini. Bundan əlavə, Orta Dəhlizin inkişafı, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesi və işğaldan irəli gələn təhlükələr barədə də ətraflı danışdıq. Ümid edirik ki, bu görüş və onun keçdiyi ruh gələcəkdə olduqca uğurlu addımların atılmasına imkan verəcək”, – deyə Samxaradze qeyd edib.


