Almaniya Bundestaqının üzvü: Gürcüstanda qəbul edilən dəyişikliklər demokratiyaya və müxalifətə qarşı növbəti hücumdur
Almaniya Bundestaqının üzvü Robin Vaqener Gürcüstanda qəbul edilən son qanunvericilik dəyişikliklərini tənqid edib.
InterPress.ge xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
O, yazıb ki, Gürcüstanda “avtoritar idarəçilər” bir vaxtlar Cənubi Qafqazda mövcud olmuş “demokratiya mayakını” təkpartiyalı diktaturaya çevirir və ölkənin Avropa gələcəyini məhv edirlər.
Bundestaq üzvünün sözlərinə görə, Gürcüstanda bu gün qəbul edilən qanunvericilik dəyişiklikləri “demokratik vətəndaş cəmiyyətinə və siyasi müxalifətə qarşı növbəti birbaşa hücumdur”.
“Qrantlar haqqında qanuna” edilən yeni dəyişikliklərə əsasən, vətəndaş cəmiyyəti təşkilatları ilə beynəlxalq tərəfdaşlar arasında istənilən əməkdaşlıq hökumətin əvvəlcədən razılığına tabe edilir və faktiki olaraq şübhə altına alınır. Xarici maliyyə vəsaiti alan şəxslər səkkiz il ərzində heç bir siyasi partiyaya və ya hərəkatına qoşula bilməyəcəklər və beləliklə siyasi rəqabətdən kənarda qalacaqlar. Yeni tətbiq edilən “konstitusiya quruluşuna qarşı ekstremizm” adlı cinayət maddəsi isə o qədər qeyri-müəyyən şəkildə formalaşdırılıb ki, onun çərçivəsinə hətta “Gürcü Arzusu”nun legitim tənqidi də düşə bilər”, – deyə Vaqener X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Gürcüstanda “Gürcü Arzusu” tənqidçiləri sistemli şəkildə qorxutmağa, saxlanılmağa və susdurmağa çalışır.
“Mən Gürcüstanda bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirəm. Biz böyük risklərə baxmayaraq azadlıq, demokratiya və ölkələrinin Avropa gələcəyi uğrunda mübarizəni davam etdirən gürcü xalqının yanında qətiyyətlə dayanırıq”, – deyə almaniyalı deputat bildirib.


