İrakli Kobaxidze: Gürcüstan regionda sülh və sabitliyin təmin olunması üçün səylərini əsirgəməyəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstan regionda sülh və sabitliyin möhkəmləndirilməsinə dəstək verməyə hazırdır və bu istiqamətdə səylərini əsirgəməyəcək.
InterPress.ge xəbər verir ki, o, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilən birgə brifinqdə danışıb.
Baş nazir qeyd edib ki, regionda əməkdaşlığın inkişafı istiqamətində müsbət dinamika müşahidə olunur.
“Regionda əməkdaşlığın inkişafı baxımından çox müsbət dinamikanın olduğunu görürük. Bu gün hökumətlərarası komissiyanın iclasında da vurğuladıq ki, Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin imzalanması mühüm hadisədir. Bu müsbət tendensiyalar regionumuzda sabitliyin təmin olunması və sülhün möhkəmləndirilməsi üçün çox yaxşı əsas yaradır. Bu kontekstdə bir daha regionda sülh və sabitliyin təşviqinə hazır olduğumuzu vurğulamaq istəyirik. Bu istiqamətdə Gürcüstan bütün səylərini göstərəcək”, – deyə Kobaxidze bildirib.
O, həmçinin Gürcüstan və Ermənistan arasında tərəfdaşlığın xüsusi əhəmiyyətini qeyd edib.
“Ölkələrimiz arasında mövcud olan tərəfdaşlıq, dostluq və əməkdaşlıq həqiqətən nümunəvidir. Bu münasibətlərin daha da dərinləşdirilməsi ölkələrimiz və xalqlarımız qarşısında bizim məsuliyyətimizdir və bunun üçün maksimum səylər göstərməliyik. Sonda Ermənistanın Baş naziri Nikol Paşinyana ölkələrimiz arasında əməkdaşlıq və dostluğun inkişafına verdiyi şəxsi töhfəyə görə təşəkkürümü bildirirəm”, – deyə Gürcüstanın Baş naziri əlavə edib.


