Gürcüstan parlament nümayəndə heyəti sabah Vaşinqtona səfər edəcək
Gürcüstanın parlament nümayəndə heyəti sabah ABŞ-ın paytaxtı Vaşinqtona rəsmi səfərə yola düşəcək.
InterPress.ge xəbər verir ki, bu barədə parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyətinin həm Konqresdə, həm də icraedici hakimiyyətin nümayəndələri ilə görüşləri planlaşdırılıb.
Samxaradze bildirib ki, nümayəndə heyəti Suveren Ölkələr Alyansı adından keçirilən konfransda da iştirak edəcək. Bundan əlavə, analitik mərkəzlərdə Gürcüstan–ABŞ münasibətlərinə dair müzakirələrin aparılması nəzərdə tutulur.
Onun sözlərinə görə, əsas məqsəd iki ölkə arasında münasibətlərin yenidən “restart” edilməsi, strateji tərəfdaşlığın yalnız bərpa olunması deyil, həm də əvvəlkindən daha məzmunlu səviyyəyə qaldırılmasıdır.
“Biz səylərimizi əsirgəməyəcəyik və bu mövzu ətrafında diskussiyalar aparmağa çalışacağıq. Amerika tərəfinin mövqeyi maraqlıdır. Səfərin baş tutması özü-özlüyündə müəyyən addımların atılmasının mümkün olacağına əsas verir”, – deyə Nikoloz Samxaradze İctimai Yayımçıya bildirib.


