Prokurorluq DİN əməkdaşına vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürüb
Gürcüstan Prokurorluğu vəzifə səlahiyyətlərindən sui-istifadə faktı üzrə Daxili İşlər Nazirliyinin əməkdaşına ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Prokurorluq yayıb.
Qurumun bildirdiyinə görə, saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin birinci hissəsi ilə ittiham verilib. Həmin maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, Mühafizə Polisi Departamentinin bölmələrindən birinin rəisi, vəzifə səlahiyyətlərinə normadan artıq yüklərin mühafizəsi və müşayiəti daxil olduğu halda, səlahiyyətlərindən sui-istifadə edib. O, yükün hərəkəti, marşrutu və qət edilən məsafə barədə qəsdən yanlış məlumat təqdim edib, sifarişçinin xeyrinə əməkdaşını çaşdıraraq rəsmi sənəddə həqiqətə uyğun olmayan məlumatların göstərilməsinə nail olub.
Nəticədə sifarişçi şəxs dövlət büdcəsinə real məbləğlə müqayisədə xeyli az vəsait ödəyib və bununla da dövlətin qanuni maraqları ciddi şəkildə pozulub.
Prokurorluq saxlanılan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün artıq məhkəməyə vəsatət təqdim edib.


