Ölkə ərazisində bu tarixdən yağıntılı hava şəraiti gözlənilir
26 fevraldan 1 martadək Gürcüstanda fasilələrlə yağış şəklində yağıntı gözlənilir, bəzi yerlərdə intensiv olacaq. Həmçinin küləyin güclənməsi və dənizdə 4-5 ballıq fırtına ehtimal olunur.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Qurumun bildirdiyinə görə, ölkənin yüksək dağlıq ərazilərində qar yağacağı, bəzi yerlərdə güclü olacağı, duman, çovğun və qar uçqunu təhlükəsinin yaranacağı gözlənilir.
Məlumata əsasən, 27-28 fevral tarixlərində Şərqi Gürcüstanın aran rayonlarında yağıntı əsasən qar şəklində olacaq. Güclü qar, çovğun, görmə məsafəsinin pisləşməsi, buzlanma və uçqun təhlükəsi ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq oluna bilər.
Bundan əlavə, gözlənilən güclü yağıntılar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin formalaşmasına və ya aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta qiymətləndirilir.


