Marneulidə 11 min lari qarşılığında bir vətəndaşın oğlunu Azərbaycandakı həbsxanadan azad etdirəcəyini vəd edərək pulunu dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində yaşayan vətəndaşa nüfuzlu əlaqələrindən istifadə edərək onun oğlunu Azərbaycandakı həbsxanadan azad etdirəcəyini vəd edib. Bunun müqabilində 11 000 lari tələb edib.
Saxlanılan şəxs kişidən tələb olunan məbləği alaraq dələduzluq yolu ilə mənimsəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hakimin qərarı əsasında saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır. Həmin maddə 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – məlumatda qeyd olunub.
