Tea House-da Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirildi - FOTO
24 fevral 2026-cı il tarixində Tea House-da “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə kurs üzvlərinin iştirakı ilə Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbirin əvvəlində Xocalı Soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilib, qanlı hadisə barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin aparıcılığını “New Generation” gənclər şəbəkəsinin rəhbəri Emil Allahverdiyev həyata keçirib. Mərkəzin könüllüləri Zeynəb Nurmamedova və Ülviyyə Ağayeva gənclərə bu tarixi hadisə haqqında geniş məlumat təqdim ediblər. Daha sonra Tea House könüllüsü Sultan Süleyman Novruzov tərəfindən hazırlanmış, Milli Qəhrəman Çingiz Mustafayevin həyatı və fəaliyyəti haqqında video nümayiş etdirilib.
Tədbirin davamında qrup işinə keçid edilib. İştirakçılar beş qrupa bölünüb və hər qrup aşağıdakı mövzular üzrə təqdimatlar hazırlayıb: yaddaşın əhəmiyyəti, gənclərin rolu, sülh anlayışı, empatiya və insanlıq, eləcə də gələcəyə mesaj. Qruplar bu suallar əsasında müzakirələr apararaq təqdimatlarla çıxış ediblər.
Tədbir fikir mübadiləsi və müzakirələrlə davam edib.









