23 
Fev
2026
16:35
206

Səhiyyə Nazirliyi əcnəbilərin əmək fəaliyyəti ilə bağlı məhdudiyyətlərə dair açıqlama yayıb

Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi 1 martdan qüvvəyə minəcək dəyişikliklərlə bağlı məlumat yayıb.

InterPress.ge-nin məlumatına görə, nazirlikdən bildirilib ki, “Əmək miqrasiyası haqqında” qanuna edilən dəyişikliklərə əsasən, Gürcüstanda əcnəbilərin işləməsi və ya özünüməşğul fəaliyyəti yalnız müəyyən edilmiş tənzimləmələrə uyğun şəkildə mümkün olacaq.

Dəyişikliklərə əsasən, xarici ölkə vətəndaşı, o cümlədən məsafədən işləmək üçün “əmək fəaliyyəti hüququ” əldə etməlidir. Bu icazələr Dövlət Məşğulluğun Dəstəklənməsi Agentliyi tərəfindən veriləcək. Proses tam elektron formada həyata keçiriləcək və qeydiyyat portalı 1 martdan etibarən əlçatan olacaq. İcazənin alınması ödənişlidir.

Nazirliyin açıqlamasına görə, əmək fəaliyyəti hüququ konkret vəzifə və konkret işəgötürən üzrə 1 il müddətinə verilir. Özünüməşğul əcnəbilər üçün isə icazə konkret sahə, sektor və sahibkarlıq fəaliyyəti göstərilməklə təqdim olunacaq. Qanun Avropa İttifaqının tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

Eyni zamanda güzəşt müddətləri də müəyyən edilib. 2027-ci il 1 yanvaradək artıq əmək miqrasiyası üzrə elektron sistemdə qeydiyyatdan keçmiş və qanuni şəkildə çalışan şəxslərə güzəşt tətbiq olunacaq. İkinci güzəşt müddəti isə 2026-cı il 1 maya qədər qüvvədə olacaq və hazırda Gürcüstanda əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan özünüməşğul əcnəbilərə şamil ediləcək.

Nazirlik vurğulayıb ki, xarici ölkə vətəndaşı “Əmək miqrasiyası haqqında” qanunla müəyyən edilmiş normalardan yayınarsa, bu, həm işçinin, həm də işəgötürənin cərimələnməsinə səbəb olacaq. Qayda pozuntusu halında özünüməşğul əcnəbilərə də maliyyə sanksiyaları tətbiq ediləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər