Slovakiyanın XİN rəhbəri: “Slovakiya Gürcüstanın ATƏT-ə sədrliyini dəstəkləyir”
Slovakiya Gürcüstanın ATƏT-də sədr ölkə olması təşəbbüsünü dəstəkləyir.
InterPress.ge xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Yuray Blanar Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında bildirib
Onun sözlərinə görə, sədrliyə namizədlər siyahısına Kipr də daxil edilib, lakin Gürcüstanın namizədliyi kompromis variant kimi qiymətləndirilir.
“Biz məsələni qaldırdıq ki, Gürcüstan ATƏT-də sədr ölkə olsun. Gürcüstan təhlükəsizlik məsələlərinə böyük töhfə verə bilər və buna görə də onun namizədliyini alqışlayırıq”, – deyə Blanar bildirib.
Slovakiyalı nazir əlavə edib ki, görüşdə Gürcüstan ilə Avropa İttifaqı arasındakı münasibətlər də müzakirə olunub. Onun sözlərinə görə, Slovakiya tərəflər arasında düzgün və konstruktiv dialoqun davam etdirilməsini dəstəkləyir.
“Bu günkü görüşdə Gürcüstanın Avropa İttifaqına üzvlük namizədliyi məsələsinə də toxunduq. Slovakiya Gürcüstan ilə Avropa İttifaqı arasında düzgün dialoqun aparılmasını dəstəkləyir. Avropa diplomatiyasının məqsədi dialoqun qorunması və mövqelərin aydınlaşdırılmasıdır. Dezinformasiyaların qarşısının alınması üçün kommunikasiya davam etməlidir”, – deyə Blanar vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, Brüsselin sanksiyalardan yayınmaq üçün istifadə olunduğunu iddia etdiyi limanla bağlı Gürcüstanın Avropa İttifaqının müvafiq qurumları ilə sıx əməkdaşlığı mövcuddur və onun fikrincə, Gürcüstanın sanksiyalardan yayınması üçün heç bir əsas yoxdur
“Bu limanın sanksiyalar siyahısına daxil edilməsinə qarşıyam”, – deyə Yuray Blanar bildirib.


