Aİ: Təklif olunan dəyişikliklər Gürcüstanda demokratik məkanı daha da məhdudlaşdıracaq
Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə sözçüsü Anuar El Anun Gürcüstanda son vaxtlar irəli sürülən qanunvericilik dəyişikliklərinin ölkədə vətəndaş və demokratik mühitin daha da daralmasına səbəb ola biləcəyini bildirib.
InterPress.ge xəbər verir ki, bu barədə o, “Euroskop”un sorğusuna cavabında danışıb.
Sözçünün sözlərinə görə, Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski Brüsselin narahatlığını birbaşa Gürcüstan hakimiyyətinin diqqətinə çatdırıb. Onun qeyd etdiyi kimi, əgər sözügedən dəyişikliklər qəbul edilərsə, bu, əsas demokratik azadlıqların daha da məhdudlaşdırılmasına gətirib çıxaracaq.
“Bu qanunvericilik fundamental hüquqlara, Avropa və beynəlxalq standartlara zidd olacaq. Bu, Gürcüstan hakimiyyətinin ölkənin Avropa İttifaqına inteqrasiya yolundan uzaqlaşdığını bir daha nümayiş etdirəcək və bu, Gürcüstan vətəndaşlarına verilmiş vədlərlə açıq şəkildə ziddiyyət təşkil edir”, – deyə Aİ sözçüsü vurğulayıb.
Anuar El Anun bildirib ki, Avropa İttifaqı Gürcüstan xalqının yanında olmağa davam edəcək və rəsmi Tbilisini demokratik kursa qayıtmağa çağırır. Onun sözlərinə görə, sanksiyalarla bağlı bütün variantlar hələ də gündəmdədir.
Sözçü əlavə edib ki, Aİ artıq Gürcüstan hakimiyyəti ilə siyasi təmasları azaldıb, hökumətə birbaşa maliyyə dəstəyini dayandırıb və gürcü diplomatik və xidməti pasport sahibləri, eləcə də onların ailə üzvləri üçün vizasız rejimi dayandırıb.
Qeyd edək ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski “Gürcü Arzusu”nun xarici işlər nazirinin müavini Giorgi Zurabişvili ilə görüşüb. Aİ nümayəndəliyinin məlumatına görə, görüşün məqsədi “Qrantlar haqqında” qanuna və əlaqəli qanunvericiliyə edilən dəyişikliklərlə bağlı Brüsselin ciddi narahatlığını çatdırmaq olub. Aİ tərəfi bildirib ki, dəyişikliklər qəbul olunacağı təqdirdə Gürcüstanda fəaliyyət göstərən diplomatik missiyaların işinə birbaşa və mənfi təsir göstərə bilər.


