09 
Fev
2026
18:11
143

Hökumət Tbilisi Dövlət Universiteti ilə Gürcüstan Texniki Universitetinin birləşdirilməsi qərarını ləğv edib

Gürcüstan hökuməti Tbilisi Dövlət Universiteti (TSU) ilə Gürcüstan Texniki Universitetinin birləşdirilməsi barədə əvvəlki qərarı dəyişib.

InterPress.ge xəbər verir ki, bununla bağlı açıqlamanı Baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə verib.

Baş nazir bildirib ki, Texniki Universitetin rektoru və professor-müəllim heyəti ilə keçirilən görüşdə razılıq əldə olunub: Gürcüstan Texniki Universiteti Tbilisi Dövlət Universiteti ilə birləşdirilməyəcək. “Bir şəhər – bir fakültə” prinsipi çərçivəsində Texniki Universitet “tam texniki” ali məktəbə çevriləcək.

Kobaxidzenin sözlərinə görə, bundan sonra Texniki Universitetdə yalnız 1990-cı illərə qədər tədris olunan texniki ixtisaslar saxlanılacaq. 1990-cı illərədək universitetin tədris proqramına daxil olmayan fənlər üzrə isə növbəti tədris ili üçün qəbul elan edilməyəcək. Texniki profili olmayan proqramlar növbəti iki il ərzində mərhələli şəkildə ləğv ediləcək.

Brifinqdən əvvəl Baş nazir Texniki Universitetin rektoru və professor-müəllim heyəti ilə görüş keçirib.

Xatırladaq ki, TSU ilə Texniki Universitetin birləşdirilməsi barədə hökumət qərarı yanvarın 29-da açıqlanmışdı və hər iki ali məktəbin elmi-akademik ictimaiyyəti tərəfindən tənqid olunmuşdu. TSU Senatı bu təşəbbüsün əsaslandırılmadığını bildirərək prosesin dayandırılmasını və tərəflərlə aktiv dialoqun aparılmasını tələb etmişdi. Texniki Universitetin Akademik Şurası da universitetin muxtariyyətinin istənilən formada məhdudlaşdırılmasına, o cümlədən mümkün birləşməyə qarşı çıxmış və müzakirələr aparılmadan prosesin dayandırılmasını istəmişdi.

Bizimlə əlaqə saxlayın