Milli Ətraf Mühit Agentliyi hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstan ərazisində gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
InterPress.ge xəbər verir ki, sinoptiklərin proqnozuna əsasən, fevralın 8-dən fevralın 10-u səhər saatlarınadək Qərbi Gürcüstanda yağıntı gözlənilir, bəzi yerlərdə yağıntılar intensiv olacaq.
Fevralın 9-da ölkə ərazisinin böyük hissəsində güclü qərb küləyi əsəcək. Yüksək dağlıq rayonlarda qar yağacağı, bəzi ərazilərdə güclü qar, duman, çovğun və qar uçqunu təhlükəsi müşahidə ediləcəyi bildirilir.
Agentliyin məlumatında qeyd olunur ki, güclü qar, çovğun, görünüş məsafəsinin pisləşməsi və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının ayrı-ayrı hissələrində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq oluna bilər. Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsinin orta olduğu vurğulanır.


