Kommersiya rüşvəti və saxta sənəd hazırlanması faktı üzrə iki nəfər saxlanılıb
Kommersiya rüşvəti və saxta sənədlərin hazırlanaraq dövriyyəyə buraxılması faktı üzrə iki nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.
Qurumun məlumatına görə, istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər Akkreditasiya üzrə Vahid Milli Orqan – Akkreditasiya Mərkəzi tərəfindən akkreditə olunmuş müəssisənin adından istifadə edərək, avtomobilin yoxlanılması aparılmadan sıxılmış təbii qazla işləyən nəqliyyat vasitəsinin sistemi və qaz balonunun texniki baxışı barədə saxta sertifikat hazırlayıb və dövriyyəyə buraxıblar.
Saxta sənəddə guya yoxlanılan nəqliyyat vasitəsinin qaz balonu sistemi və qaz balonunun “Avtonəqliyyat vasitələrində qaz balonlu avadanlığın quraşdırılması, onun texniki tələblərə uyğunluğunun qiymətləndirilməsi və təhlükəsiz istismarı haqqında texniki reqlamentin təsdiq edilməsi barədə” Gürcüstan hökumətinin 15 yanvar 2014-cü il tarixli 80 nömrəli qərarının tələblərinə uyğun olduğu göstərilib.
Məlumata görə, akkreditə olunmuş qurum tərəfindən törədilmiş analoji cinayət faktlarının və bu cinayətdə iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq intensiv şəkildə davam etdirilir.
Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 1-ci və 3-cü hissələri, həmçinin 210-cu maddəsinin 1-ci hissəsi ilə araşdırılır. Bu maddələr 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


