Maya Sandu: Rusiya müharibə qorxusundan istifadə edərək Gürcüstanı öz orbitinə qaytardı
"Rusiya müharibə qorxusunu alətə çevirərək Gürcüstanı yenidən öz təsir dairəsinə qaytarıb."
InterPress.ge xəbər verir ki, bu barədə Moldovanın prezidenti Maya Sandu Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı bildirib.
Sandu çıxışında Rusiyanın hibrid əməliyyatlarından danışaraq qeyd edib ki, Moldova bu cür təzyiqlərlə üzləşən yeganə ölkə deyil və oxşar proseslər Avropa miqyasında müşahidə olunur. Onun sözlərinə görə, Moldova son iki il ərzində üzləşdiyi hücumların öhdəsindən cəmiyyətin birgə səyi nəticəsində gəlib.
“Qürurla deyə bilərəm ki, Moldova bu ikiillik hücumlara bütün cəmiyyətin səyləri sayəsində müqavimət göstərə bildi. Vətəndaşlarımız sülhə, Avropaya və demokratiyaya sadiqliklərini sübut etdilər”, – deyə Maya Sandu bildirib.
Moldova prezidenti vurğulayıb ki, Gürcüstanla bağlı vəziyyət təəssüf doğurur. Onun sözlərinə görə, gürcü xalqının demokratiya, Avropa dəyərləri və öz gələcəyini müəyyən etmək hüququ uğrunda mübarizəsinə baxmayaraq, Rusiya ölkəni müharibə qorxusundan istifadə etməklə yenidən öz orbitinə salıb.
“Rusiya Gürcüstanı müharibə qorxusunu silah kimi istifadə edərək və seçkilərdə yanlış seçimin sülh bahasına başa gələcəyi barədə mesajlar verməklə öz orbitinə qaytardı”, – deyə Maya Sandu çıxışında qeyd edib.


