Trampın tariflərindən sonra Hindistan və Aİ yaxınlaşmanı sürətləndirir: 2 milyardlıq bazarı əhatə edən razılaşma gündəmdədir
ABŞ prezidenti Donald Tramp tərəfindən tətbiq edilən sərt tariflərin Hindistanın ixracına mənfi təsiri fonunda Dehli və Brüssel münasibətlərin yaxınlaşdırılmasını kəskin şəkildə sürətləndirmək qərarı verib.
InterPress.ge xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen planlaşdırılan ticarət sazişini “bütün razılaşmaların anası” adlandırıb. Hindistanla Avropa İttifaqı arasında nəzərdə tutulan bu saziş 2 milyard insanı əhatə edən bazarı formalaşdıracaq ki, bu da qlobal ÜDM-in təxminən dörddə birinə bərabərdir.
DW yazır ki, Aİ Hindistanın Rusiya silahlarından asılılığını azaltmağa çalışır. Bunun əvəzində Avropa tərəfi hərbi texnikanın birgə istehsalını və silahlanma üçün güzəştli kreditlər təklif edir.
Hindistan isə Avropa avtomobilləri və alkoqollu içkilər üzrə mövcud yüksək gömrük rüsumlarını azaltmağı planlaşdırır. Reutersin məlumatına görə, razılaşma çərçivəsində Hindistan Aİ-dən idxal olunan avtomobillərə tətbiq edilən tarifləri 110%-dən 40%-ə endirməyə razılaşıb.
Müzakirələrdən məlumatlı iki mənbə bildirib ki, baş nazir Narendra Modinin hökuməti 27 ölkəni birləşdirən blokdan məhdud sayda, idxal qiyməti 15 min avronu aşan avtomobillər üçün rüsumların dərhal azaldılmasına razılıq verib.
Gözlənilir ki, tərəflər razılaşma barədə rəsmi açıqlamanı çərşənbə axşamı verəcəklər.


