Prokurorluq narkotik cinayətləri ilə bağlı 88 nəfərə, o cümlədən əcnəbilərə ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu külli və xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, realizasiyasına köməklik və satış faktları üzrə 88 nəfərə, o cümlədən xarici ölkə vətəndaşlarına ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Açıqlamada bildirilir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaqla təqsirləndirilən şəxslərin müxtəlif növ və miqdarda, o cümlədən külli və xüsusilə külli miqdarda narkotik və psixotrop maddələri qanunsuz əldə edib saxladıqları, onları qablaşdıraraq müxtəlif ünvanlarda yerləşdirdikləri müəyyən edilib. Təqsirləndirilən şəxslərin bir hissəsi narkotik vasitələrin satışını da həyata keçirib.
Keçirilmiş tədbirlər nəticəsində hüquq-mühafizə orqanları “heroin”, “kokain”, “metadon”, “buprenorfin”, qurudulmuş “marixuana”, “morfin”, “preqabalin”, eləcə də narkotiklərin qablaşdırılması üçün istifadə olunan vasitələri maddi sübut kimi götürüblər.
Saxlanılan şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci hissəsi (narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması), 260-cı maddənin ikinci hissəsinin “a” və üçüncü hissəsinin “a” bəndləri (külli və xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması), 260-cı maddənin ikinci hissəsinin “a”, “d” və “e” bəndləri (külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması – təkrar məhkum olunmuş şəxs tərəfindən), 260-tertsiya maddəsinin dördüncü hissəsi və beşinci hissəsinin “a” və “e” bəndləri (külli və xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz satışı, narkotik cinayətinə görə məhkum olunmuş şəxs tərəfindən), 260-kvarta maddəsinin beşinci hissəsinin “a” və altıncı hissəsinin “a” bəndləri (külli və xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz satışına köməklik), 261-ci maddənin ikinci hissəsinin “a” bəndi (külli miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi və saxlanılması), 260-tertsiya maddəsinin ikinci hissəsinin “a” bəndi (külli miqdarda psixotrop maddənin qanunsuz satışı), 260-kvarta maddəsinin birinci hissəsi (marixuananın qanunsuz satışına köməklik) və 260-tertsiya maddəsinin birinci hissəsi (marixuananın qanunsuz satışı) üzrə ittiham irəli sürülüb. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluğun vəsatəti əsasında təqsirləndirilən şəxslərin bir hissəsi barəsində qətimkan tədbiri kimi həbs seçilib, digərləri ilə bağlı isə məhkəmə qanunla müəyyən edilmiş müddətdə qərar verəcək.


