Avropa Komissiyası Gürcüstanın diplomatik və rəsmi pasport sahibləri üçün vizasız rejimin dayandırılması prosesinə başlayıb
Avropa Komissiyası Gürcüstanın diplomatik, xidməti və rəsmi pasportlarına malik şəxslər üçün vizasız gediş-gəlişin dayandırılması proseduruna start verib.
InterPress.ge xəbər verir ki,bu barədə Avropa Komissiyasının sözçüsü Markus Lamert brifinq zamanı məlumat verib.
Avropa Komissiyasının mövqeyinə görə, Gürcüstan hakimiyyətinin son addımları vizasız rejimin əsaslandığı prinsiplərə ziddir və Avropa İttifaqının norma və dəyərlərinə uyğun gəlmir. Bildirilib ki, bu cür addımlar Aİ ilə Gürcüstan arasında iqtisadi, humanitar, mədəni, elmi və digər əlaqələrin sabit inkişafına da mane olur.
Sözçü vizaların dayandırılması mexanizmi çərçivəsində iki mərhələli yanaşmanın tətbiq olunduğunu bir daha xatırladıb. Onun sözlərinə görə, ilk mərhələ diplomatik, xidməti və rəsmi pasport sahiblərinə aiddir. Eyni zamanda, əgər geriyə dönüş prosesi davam edərsə, gələcəkdə bu mexanizmin bütün əhaliyə şamil olunması ehtimalı da mövcuddur, lakin bu avtomatik xarakter daşımır.
Markus Lamert bildirib ki, Avropa Komissiyası yeni vizaların dayandırılması mexanizmi çərçivəsində Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejimin dayandırılması ilə bağlı öz qiymətləndirməsini artıq Avropa Parlamentinə və Avropa İttifaqı Şurasına təqdim edib. Qərar qəbul olunduqdan sonra bu tədbirlər bütün üzv ölkələrdə vahid şəkildə tətbiq ediləcək.
Avropa Komissiyasının vurğuladığına görə, vizasız rejimin əsas məqsədi xalqlar arasında təmasların gücləndirilməsi və insan hüquqlarına, eləcə də demokratik prinsiplərə hörmət kimi ümumi dəyərlərin təşviqidir. Komissiya hesab edir ki, Gürcüstan hakimiyyətinin hazırkı siyasəti bu prinsipləri zəiflədir və vizaliberallaşmanın ruhuna uyğun deyil.


