Polşanın keçmiş baş prokuroru: Tusk və tərəfdarlarının korrupsiya və oğurluq əməllərini araşdırmağa başladığım üçün hədəfə çevrildim
Polşanın keçmiş baş prokuroru və ədliyyə naziri Zbiqnev Ziobro bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, bəyanatda o, Polşanın baş naziri Donald Tusk və onun ətrafını şəxsi intiqam yürütməkdə ittiham edir və bunun səbəbi kimi onların korrupsiya və oğurluq faktları ilə bağlı başladılan istintaqları göstərir.
Ziobronun sözlərinə görə, Varşava rayon məhkəməsi Polşada müxalifətə qarşı başladılan təqibi düzgün qiymətləndirərək bildirib ki, mövcud vəziyyət “hüquqi dövlətin ən elementar standartlarına belə uyğun gəlmir”.
“ Mən siyasi banditizmə və qanunsuzluğa qarşı mübarizə yolunu seçmişəm. Güclənən diktaturaya qarşı çıxıram. Mənə qarşı Donald Tusk və onun tərəfdarlarının şəxsi qisası məhz bu prinsiplərə sadiq qalmağımla bağlıdır. Baş prokuror olduğum dövrdə onların korrupsiyası və oğurluqları ilə bağlı çoxsaylı istintaqlara başladığım üçün təqib və böhtan kampaniyasının hədəfinə çevrildim”, – deyə Ziobro qeyd edir.
O vurğulayır ki, Ədliyyə Nazirliyinin vəsaitləri təkcə solçu və liberal təşkilatlara deyil, eyni zamanda xristian və konservativ qurumlara da yönəldilib. Bu isə onun fikrincə, hazırkı hakimiyyət üçün qəbuledilməz olub.
Ziobronun sözlərinə görə, Varşava rayon məhkəməsinin də qeyd etdiyi kimi, ona və hazırkı müxalifətə qarşı aparılan təzyiqlər “hakimiyyət nümayəndələrinin məhkəmə müstəqilliyinə müdaxiləsi yolu ilə hüquqi dövlətin ən elementar standartlarına belə uyğun gəlməyən iyrənc formalar alıb”. Məhkəmənin qiymətləndirməsinə əsasən, bu vəziyyət Polşada mövcud şəraitin “kriptodiktatura” kimi təsnif edilə biləcəyini göstərir.
Keçmiş baş prokuror bildirir ki, hökumət rəhbəri demokratik müxalifət üçün “Nürnberq prosesi” keçiriləcəyini elan edir, müxalifət siyasətçiləri ilə istehza edir, məhkəmə qərarları olmadan əvvəlcədən hökmlər verildiyini və həbslərin aparıldığını açıq şəkildə bəyan edir. Onun sözlərinə görə, ədliyyə naziri isə siyasi opponentləri oğurlamaq və avtomobil baqajında aparmaqla hədələyir, həmçinin “etibarlı hakimlərə” ehtiyac olduğunu açıq şəkildə bildirir.
Ziobro qeyd edir ki, Polşada siyasi təqiblərə məruz qaldığı üçün Macarıstan hökumətinin ona verdiyi siyasi sığınacağı qəbul etməyə məcbur olub və buna görə Macarıstanın baş naziri Viktor Orban’a təşəkkür edir.
“Bu metodlar birbaşa Stalin dövrünün dərsliyindən götürülüb. Hakimiyyət müstəqil məhkəmə sistemini sistemli şəkildə dağıdır, Polşa hakimlərinin təxminən üçdə birinin ədalət mühakiməsini həyata keçirmək hüququnu şübhə altına alır. İşlərin hakimlər arasında təsadüfi bölgüsü prinsipi ləğv edilib, məhkəmə sədrləri qanunsuz şəkildə vəzifədən azad olunub, Konstitusiya Tribunalının və Ali Məhkəmənin qərarları hakimiyyətin maraqlarına uyğun gəlmədikdə icra edilmir”, – deyə Ziobro vurğulayır.
O bildirib ki, Polşada hüququn aliliyinə real təminatlar bərpa olunana qədər xaricdə qalmaq qərarı verib və bunu öz ictimai borcu hesab edir.
Zbiqnev Ziobro həmçinin Polşa hökumətinin opponentlərə qarşı təzyiqlərindən danışaraq, qadınların və anaların da bu aqressiyanın qurbanına çevrildiyini bildirir. Onun sözlərinə görə, bu təhlükə onun həyat yoldaşına da şamil olunub və buna görə də xanımının beynəlxalq müdafiə altına alınmasını tələb edib.
“Donald Tuskun rəhbərliyi altında hazırkı rejimin nümayəndələri bu cür qəddar və qanunsuz üsullara görə ağır məsuliyyət daşıyacaqlar. Ədalətin bərpası uğrunda bu mübarizədə şəxsən iştirak edəcəyəm”, – deyə Ziobro bəyanatında qeyd edib.


