Gürcüstanda yeni dizaynlı şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb - FOTO
Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yeni nəsil, yenilənmiş dizaynlı elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə sözü gedən rəsmi qurum məlumat verib.
Agentliyin məlumatına görə, yeni şəxsiyyət vəsiqələrinin təhlükəsizlik səviyyəsi müasir qoruyucu elementlərlə daha da gücləndirilib və sənədlər ən son beynəlxalq standartlara tam uyğun hazırlanıb. Yeni dizayn milli tematik simvollarla zənginləşdirilib.
Qeyd olunur ki, şəxsiyyət vəsiqələrinin rüsumu dəyişməz qalır və müddətli vəsiqələrin sahibləri onları yenisi ilə dəyişməyə məcbur deyillər.
Açıqlamaya əsasən, yenilənmiş elektron şəxsiyyət vəsiqəsində sahibinin barmaq izləri əks olunur. Eyni zamanda sənəd üzərində yerləşdirilən QR kod vasitəsilə əlavə məlumatların əldə edilməsi mümkündür. QR kod skan edildikdə sənədin nömrəsi və statusu, şəxsin qeydiyyat ünvanı, həmçinin sənəd sahibinin istəyi ilə onun tələbə və ya əlilliyi olan şəxs statusu barədə məlumatlar əldə oluna bilər.
Yeni ID kart üçün müraciət etmək istəyən vətəndaşlar Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi bölmələrinə, Ədliyyə Evinin filiallarına və mobil Ədliyyə Evlərinə müraciət edə, eləcə də Agentliyin rəsmi internet səhifəsi vasitəsilə onlayn qaydada ərizə təqdim edə bilərlər.


