Qiorqi Sosiyaşvili: Avropa liderləri Rusiyayla dialoq çağırışlarını daha əvvəl etməli idi
Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclər Məsələləri Komitəsi sədrinin müavini Qiorqi Sosiyaşvili İtaliyanın baş naziri Corcia Meloninin “Düşünürəm ki, Makron haqlıdır, artıq Avropa İttifaqı da Rusiya ilə danışmalıdır” bəyanatına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Sosiyaşvilinin sözlərinə görə, bu cür açıqlamalar Avropa liderləri tərəfindən daha əvvəl səsləndirilməli idi, çünki müharibə dərinləşib və saysız-hesabsız insanın həyatına son qoyub. O qeyd edib ki, müharibə Avropanın ən böyük dövlətlərindən birini viran qoyub, çoxsaylı şəhərləri və yaşayış məntəqələrini yer üzündən silib.
Deputat vurğulayıb ki, hazırkı mərhələdə bu çağırışlar artıq gecikmiş hesab edilə bilər, çünki danışıqlar masasına oturmanın, atəşkəsin və dialoqun alternativi yoxdur. Onun sözlərinə görə, hər bir müharibənin həm preventiv addımları, həm də sonda razılaşma mərhələsi olur və insanların gözü qarşısında minlərlə insan həyatını itirərkən, ölkə liderləri xoş niyyət göstərərək, dialoqa yönəlməli və insan həyatının xilasına xidmət edən qərarlar qəbul etməlidirlər.
Qiorqi Sosiyaşvili bildirib ki, atılacaq belə addımlar minlərlə insanın həyatının xilas olunmasına real töhfə verə bilər.


