Yanvarın 3–4-də Gürcüstan ərazisində havanın temperaturunun kəskin enməsi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Agentliyin yaydığı məlumata əsasən, Kolxeti ovalığında bəzi ərazilərdə gecə saatlarında temperaturun -8 dərəcəyədək, Şida Kartlidə isə -17 dərəcəyədək enə biləcəyi ehtimal olunur. Güclü şaxta nəticəsində subtropik bitkilərə və üzüm bağlarına ciddi ziyan dəyə bilər.
“Güclü şaxta və buzlanma avtomobil yollarının və magistralların ayrı-ayrı hissələrində hərəkətin məhdudlaşdırılmasına, həmçinin elektrik ötürücü xətlərdə donmaya səbəb ola bilər (təhlükə səviyyəsi – orta)”, – deyə Ətraf Mühitin Milli Agentliyinin məlumatında bildirilir.
