01 
Yan
2026
11:08
3425

Gürcüstanda maaşlar və pensiyalar artır

Bu gündən – 1 yanvar tarixindən etibarən Gürcüstanda dövlət sektorunda çalışan şəxslərin maaşları 10 faiz artırılıb.

InterPress.ge xəbər verir ki, artım ilkin səhiyyə personalını, polis əməkdaşlarını və hərbi qulluqçuları da əhatə edir.

Belə ki, bununla yanaşı, dövlət-siyasi vəzifə tutan şəxslərin də vəzifə maaşları yüksəldilib. Artım nazirlərə, onların müavinlərinə, parlamentin sədr və sədr müavinlərinə, komitə sədrlərinə və deputatlara şamil olunur.

Qeyd edək ki, siyasi vəzifə tutan şəxslərin maaşları xüsusi əmsallar əsasında hesablanır. Ən yüksək əmsal – 10 bal prezidentin, baş nazirin və parlament sədrinin vəzifə maaşına tətbiq edilir. Ən aşağı əmsal isə 8 bal olmaqla parlament üzvlərinə aiddir. Əmsalla hesablanan maaşların əsasını illik dövlət büdcəsi ilə müəyyən edilən baza vəzifə maaşı təşkil edir. 2026-cı ilin dövlət büdcəsinə əsasən, bu baza məbləği 1600 lari olaraq müəyyən edilib.

Bu göstəricilərə əsasən, prezident, baş nazir və parlament sədri ayda 16 min lari, illik isə 192 min lari maaş alacaq. Nazirlərin aylıq vəzifə maaşı 13 min 600 lari, nazirin birinci müavininin 12 min lari, nazir müavininin isə 11 min 600 lari təşkil edəcək. Parlament sədrinin birinci müavini ayda 14 min 720 lari, sədr müavini 14 min 400 lari, komitə sədrləri 13 min 760 lari, deputatlar isə 12 min 800 lari maaş alacaqlar. Göstərilən məbləğlər gəlir vergisi daxil olmaqla hesablanıb.

Maaş artımı ilə yanaşı, pensiyalar da yüksəlib. Yanvar ayından etibarən 70 yaşadək pensiyaçıların aylıq pensiyası 20 lari artırılaraq 370 lariyə çatdırılıb. 70 yaşdan yuxarı pensiyaçıların pensiyası isə 45 lari artırılıb və 495 lari müəyyən edilib. Dağlıq ərazilərdə yaşayan 70 yaşadək şəxslər 444 lari, 70 yaşdan yuxarı pensiyaçılar isə 594 lari məbləğində pensiya alacaqlar.

Bundan əlavə, 2026-cı ilin yanvarından etibarən ağır əlilliyi olan və 18 yaşadək əlil şəxslərə verilən sosial müavinət 45 lari artırılıb. Digər kateqoriyaya aid əlilliyi olan şəxslərin sosial ödənişləri isə 20 lari yüksəldilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər