31 
Dek
2025
20:38
226

157 kiloqram heroinin qanunsuz dövriyyəsi faktı üzrə xarici ölkə vətəndaşı saxlanılıb

Gürcüstan Prokurorluğu 157 kiloqram narkotik vasitə olan heroinin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstan ərazisinə qanunsuz gətirilməsi faktı üzrə xarici ölkə vətəndaşına ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Prokurorluq yayıb.

Qurumun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs xaricdə qanunsuz olaraq 157 kiloqram heroin əldə edib, narkotik vasitəni yükə yerləşdirərək “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən yük avtomobili ilə Gürcüstan ərazisinə qanunsuz yolla gətirib.

Bildirilib ki, 2025-ci il dekabrın 30-da hüquq-mühafizə orqanları tərəfindən yük avtomobilinə baxış zamanı 157 kiloqram heroin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin üçüncü hissəsinin “a” bəndi (xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması) və 262-ci maddəsinin dördüncü hissəsinin “a” bəndi (xüsusilə külli miqdarda narkotik vasitənin Gürcüstan ərazisinə qanunsuz gətirilməsi) ilə ittiham irəli sürülüb. Qeyd olunan maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı artıq məhkəməyə müraciət edib.

Bizimlə əlaqə saxlayın