Gürcüstanın keçmiş baş prokuroru axtarışa verildi
Prokuror keçmiş baş prokuror Otar Romanov Parçxaladze Gürcüstan ərazisində axtarışa verilməsi barədə qərar çıxarıb.
InterPress.ge xəbər verir ki, müvafiq prosedurlar tamamlandıqdan sonra onun barəsində beynəlxalq axtarış da elan ediləcək və İnterpolun “qırmızı bildirişi” ilə axtarışa veriləcək.
Axtarış qərarı Otar Romanov-Parçxaladze barəsində həbs qətimkan tədbirinin seçilməsindən sonra qəbul edilib. Keçmiş baş prokuror hazırda Rusiyada yerləşir və həmin ölkənin vətəndaşıdır.
Məlumata görə, Otar Romanov-Parçxaladze iş adamı Levan Canqveladzenin qətli ilə bağlı cinayət işi üzrə təqsirləndirilir. Ona Gürcüstan Cinayət Məcəlləsinin 25/109-cu maddəsinin “n” bəndi ilə, yəni sifarişlə və tamah məqsədilə qəsdən adam öldürmənin təşkilində ittiham irəli sürülüb. Bu cinayət əməli 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İş adamı Levan Canqveladzenin sifarişlə və tamah məqsədilə qəsdən öldürülməsinə görə Gela Udzilauri artıq məhkum edilib və ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilib. İş çərçivəsində ayrıca icraatlarda Giorgi Mikadze, Mamuka Bağdavdze, Giorgi Kaçkaçaşvili və Sandro Tsivtsivadzeyə qarşı da istintaq aparılır və onlar saxlanılıblar. Parçxaladze ilə yanaşı, David Mikadze və Giorgi Coxadze barəsində də axtarış elan olunub.


