Bu tarixlərdə Gürcüstanda hava kəskin pisləşəcək
27–31 dekabr tarixlərində ölkə ərazisində soyuq və rütubətli hava kütlələrinin yayılması gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Milli Agentliyi yaydığı məlumat verib.
Belə ki, bu müddət ərzində fasilələrlə yağıntı olacaq, bəzi yerlərdə isə güclü olacaq və əsasən qar şəklində müşahidə ediləcək.
Agentliyin məlumatında bildirilir ki, küləyin güclənməsi ehtimalı var, dağlıq ərazilərdə duman və çovğun gözlənilir, avtomobil yollarında isə buzlanma yarana bilər.
29–30 dekabr tarixlərində sahilyanı rayonlarda ildırım ehtimalı istisna edilmir, dənizdə 4–6 bal gücündə fırtına gözlənilir. Ölkənin yüksək dağlıq ərazilərində isə qar uçqunu təhlükəsi yaranacağı qeyd olunur.
Güclü qar yağışı, görmə məsafəsinin azalması, çovğun, buzlanma və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq oluna bilər.
Eyni zamanda, gözlənilən intensiv yağıntılar Qərbi Gürcüstan ərazisindəki çaylarda su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Bildirilir ki, bu istiqamətdə təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.


