26 
Dek
2025
12:00
214

Rüşvət qalmaqalı səbəbindən Şimali Makedoniya üçün Aİ-nin IPARD III vəsaitlərinin ayrılması dayandırılıb

Yerli medianın məlumatına görə, rüşvət alma işi ilə bağlı qalmaqal fonunda Şimali Makedoniya üçün Avropa İttifaqınin IPARD III fondundan vəsaitlərin ayrılması müvəqqəti olaraq dayandırılıb. IPARD III proqramı Aİ-yə namizəd ölkələrdə kənd təsərrüfatının inkişafına və modernləşdirilməsinə dəstək məqsədi daşıyır.

Avropa Komissiyası Telma telekanalına bildirib ki, mövcud vəziyyətdə Aİ büdcəsinin qorunması üçün standart ehtiyat tədbiri kimi, IPARD III proqramı çərçivəsində 2025-ci ilin üçüncü rübünə aid xərclər üzrə ödəniş bəyannamələrinin təqdim edilməsi müddətinin ləğvi qərara alınıb. Komissiyanın açıqlamasında vurğulanır ki, bu addım milli səlahiyyətli qurumun artıq gördüyü tədbirləri tamamlayır və hər iki qərar Aİ-nin maliyyə maraqlarının qorunmasına xidmət edir.

Bununla yanaşı, Şimali Makedoniyanın Maliyyə Nazirliyi hələlik Avropa Komissiyasından rəsmi bildiriş almadığını bəyan edib. Nazirlik Telma-ya açıqlamasında oktyabrın 29-da IPARD III proqramı çərçivəsində 2,9 milyon avro vəsait üçün müraciət etdiklərini təsdiqləyib.

Qeyd edək ki, 2025-ci ilin noyabr ayının əvvəlində Şimali Makedoniyanın IPARD proqramı üzrə vəsaitlərin müvəqqəti dayandırılması qərarı verdiyi barədə məlumat yayılmışdı. Bu qərar Kənd Təsərrüfatı və Kənd İnkişafına Maliyyə Dəstəyi Agentliyinin rəhbəri İliya Stoilevin rüşvət alma ittihamı ilə saxlanılmasından sonra gündəmə gəlib. İstintaq çərçivəsində Aİ vəsaitlərindən sui-istifadə ilə bağlı ümumilikdə dörd nəfər şübhəli bilinir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər